Azərbaycan və Qazaxıstan prezidentləri Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. 

“UNICO” şirkətlər qrupu olaraq Qazaxıstanın “BI GROUP” holdinqi ilə birgə əməkdaşlıq çərçivəsində inşaat işlərini həyata keçirdiyimiz bu layihəni 9 aya tamamladıq. Partnyorumuza fəaliyyətimizi qiymətləndirib bizi təşəkkürnamə ilə təltif etdiyi üçün xüsusi təşəkkür edir və növbəti birgə layihələrimizdə uğurlar arzulayırıq!

Daha bir qürurverici məqam ondan ibarətdir ki, şirkətlər qrupuna daxil olan 4 törəmə müəssisəmizinn hər biri sözügedən layihənin icra olunmasında aşağıdakı işləri həyata keçirmişdir.

Unico CJSC – Baş podratçı qismində inşaat işləri

PBA CJSC – layihələndirmə işləri

UniPro LLC – daxili mebel və taxta məmulatlarının hazırlanması və quraşdırılması

ASSA ABLOY Group ilə birlikdə – Azərbaycanda ilk dəfə olaraq master açar sisteminin tətbiq olunması, yüksək təhlükəsizlik sertifikatlarına malik yanğına davamlı qapıların istehsalı və montajı

Qeyd etmək istərdik ki, “BI GROUP” ilə əməkdaşlıq çərçivəsində Füzuli şəhərində yeni tikiləcək “Hospital” layihəsinin inşaat işlərində də iştirak edəcəyik.

Biz fəxr edirik ki, doğma vətənimizdə, Ağdam məktəbi layihəsindən sonra daha bir təhsil mərkəzi layihəsinin tikintisi işlərini uğurla icra etdik. Bütün bu layihələrdə əməyi keçən hər kəsə təşəkkür edir, gələcək layihələrimizdə uğurlar arzulayırıq!

“Unico” QSC ofis əməkdaşları üçün Qarabağa sahə səfəri təşkil edib

Belə ki, əməkdaşlar işğaldan azad olunmuş Füzuli şəhərində icrası davam edən “Kurmanqazi Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi” layihəsində görülən işlərlə tanış olublar. Layihə heyəti tərəfindən sahə ziyarətçilərinə görülən işlər haqqında ətraflı məlumat verilib.
 

Xatırlatma üçün qeyd etmək istərdik ki, 2023-cü il mart ayının 7-də işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin tapşırığı ilə tikiləcək Kurmanqazi Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib, hansı ki, qardaş ölkələr arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi təcəssüm etdirən qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir.

“Unico” QSC mütəmadi olaraq ofis əməkdaşları üçün sahə səfərləri təşkil edir ki, bu da əməkdaşların layihələrlə daha yaxından tanış olmalarına və həmin layihə üzrə müvafiq ehtiyacların öyrənilməsi və işlərin yerinə yetirilməsi baxımından effektiv nəticələr əldə etmələrinə dəstək olur.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər

Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində salınacaq 3-cü yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər.

Dövlətimizin başçısına və xanımına əvvəlcə Ağdam şəhər 1 saylı məktəbin yeni binasında “Unico” QSC tərəfindən icra olunan tikinti işlərinin gedişi barədə məlumat verildi. Bildirildi ki, 960 şagird yerlik bu məktəbdə təhsil üçün hər cür şərait yaradılacaq.

Qeyd edək ki, bu məktəbin binasının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Fəaliyyətə 1883-cü ildə başlayan bu təhsil ocağı Qarabağ bölgəsinin ən qədim məktəbidir.

İşağldan azad olunan torpaqlarımızda bərpa-quruculuq işlərində iştirak etməkdən qürur duyuruq!

2023-cü il martın 7-də Füzuli şəhərində Kurmanqazı Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulub

Belə ki, martın 7-də işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin tapşırığı ilə tikiləcək Kurmanqazi Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib, hansı ki, qardaş ölkələr arasında dostluq, qardaşlıq və qarşılıqlı dəstəyi təcəssüm etdirən qazax xalqının Azərbaycan xalqına hədiyyəsidir.

Təməlqoyma mərasimində Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi Bölgəsi üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin siyasi müşaviri Jandos Nurmahambetov, BI Group Holding-in Direktorlar Şurasının sədri Aydın Rəhimbayev, layihə rəhbəri Daulet Janabilov, Unico QSC-nin təsisçisi Şəfiddin Pirmatov və Unico QSC-nin direktoru Elçin Axundov iştirak ediblər.

Bu ikimərtəbəli mərkəz gündə 600 ziyarət üçün nəzərdə tutulmuşdur və onun əsas iş sahələri vokal və musiqi alətləri, robot texnikası, 3D modelləşdirmə, veb dizayn, foto və video çəkilişlər olacaqdır. Bundan əlavə, burada sənətkarlıq, o cümlədən xalçaçılıq və dulusçuluq, eləcə də müxtəlif idman və xoreoqrafiya üzrə təlimlər keçirilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu layihə “Unico” QSC-nin işğaldan azad olunmuş topraqlarda inşa işlərinə başladığı sayca ikinci layihədir.

Ötən ildən əməkdaşlığa başladığımız qardaş ölkə Qazaxıstanın “BI Group” Holdinqi ilə əməkdaşlığımızın uğurla davam edəcəyini ümid edirik.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Uşaq-Gənclər İnkişaf Mərkəzində əsaslı təmir və bərpadan sonra yaradılan şəraitlə tanış olublar.

Elm və təhsil naziri Emin Əmrullayev Mərkəzdə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, 1937-ci ildə Bakıda S.Vəlixanlı küçəsi 3 ünvanında yerləşən binada Mərkəzi Pionerlər Sarayı yaradılıb. Bundan məqsəd uşaqların asudə vaxtını səmərəli və məqsədəuyğun təşkil etmək, onların bilik, bacarıq və vərdişlərini inkişaf etdirmək, məktəbdənkənar tərbiyə işinin təşkilində uşaqlara praktiki və metodiki kömək göstərməkdən ibarət olub.

İlk vaxtlar sarayda texniki yaradıcılıq, bədii tərbiyə, təsviri sənət, fiziki tərbiyə üzrə dərnəklər fəaliyyət göstərib. 1946-cı ildə sarayda xoreoqrafiya, xalq çalğı alətləri, qarmon ifaçıları və xor kollektivlərindən ibarət mahnı və rəqs ansamblı yaradılıb. Bəstəkar Qəmbər Hüseynli ansambl üçün “Cücələrim” mahnısını yazıb. Məhz bu səbəbdən 1959-cu ildə kollektiv “Cücələrim” adlandırılıb.

Təqribən 15 il sonra -1961-ci ilin aprelində dünyanın ilk kosmonavtının şərəfinə saraya Yuri Qaqarinin adı verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 1991-ci il 427 saylı qərarına əsasən Y.Qaqarin adına pioner və məktəblilər sarayının adı dəyişdirilmiş, Tofiq İsmayılov adına Respublika Uşaq-Gənclər Yaradıcılıq Sarayı adlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 1 noyabr tarixli qərarına uyğun olaraq Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və Tofiq İsmayılov adına Bakı Şəhəri Uşaq-Gənclər Yaradıcılıq Sarayı birləşdirilərək onların bazasında Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bu il isə ona publik hüquqi şəxs statusu verilib.

Fəaliyyəti dövründə minlərlə istedadlı gəncin müxtəlif ixtisaslar üzrə formalaşmasında mühüm xidmətləri olan Mərkəz 2022-ci ildə əsaslı təmir edilib. İstifadəyə verildikdən sonra Mərkəzdə rəqs, musiqi alətləri, vokal, sağlam həyat tərzi, teatr, rəssamlıq, xarici dillər, intellektual inkişaf, elm və texnologiya, ekoklub, psixologiya, kulinariya və turizm istiqamətləri üzrə 44 dərnək təşkil olunub. Həmin dərnəklərdə 1500 nəfərədək şagirdin məşğul olması nəzərdə tutulub. Həmçinin binada 20 inzibati, 20 texniki və 65 pedaqoji işçi çalışacaq.

Qeyd edək ki, bu Mərkəzin binasının əsaslı təmiri və bərpası Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gənc nəslin müasir dövrün inkişaf trendlərinə uyğun formalaşmasına göstərdikləri diqqət və qayğının daha bir nümunəsidir.