Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) özəl sektorla əməkdaşlıq çərçivəsində yeni laboratoriya, ixtisaslaşmış təlim-tədris mərkəzi və xüsusi auditoriyalar istifadəyə verilib. Universitetlərlə özəl sektor arasında əməkdaşlığa dair dövlətin strateji hədəflərinə uyğun olaraq həyata keçirilən layihə AzMİU-da tədris və innovasiya sahəsində yeni imkanlar yaradıb.

Açılış mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, “UNICO” QSC-nin kommersiya üzrə direktor müavini Sərxan Danyalov, digər özəl şirkətlərin rəhbərləri, eləcə də universitetin professor-müəllim heyəti iştirak edib. Tədbir rəmzi lentin kəsilməsi ilə başlayıb. Daha sonra hər bir laboratoriya və tədris mərkəzi haqqında AzMİU-nun İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyev və müvafiq özəl sektor təmsilçiləri tərəfindən məlumat verilib. Bildirilib ki, bu mərkəzlər kompüterlər, ağıllı lövhələr, müasir mebellər və digər lazımi avadanlıqlarla təmin edilib. Bu infrastrukturlar tələbələrin istehsalat tələblərinə uyğun yüksək səviyyədə hazırlanmasına şərait yaradacaq.

Görüşün sonunda AzMİU ilə “UNICO” QSC və digər şirkətlər arasında əməkdaşlığa dair rəsmi müqavilələr imzalanıb. Bu müqavilələr təhsil və sənaye arasında inteqrasiyanı daha da gücləndirmək məqsədi daşıyır. İmzalanma mərasimindən sonra AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova tərəfindən “UNICO” QSC-nin kommersiya üzrə direktor müavini Sərxan Danyalova və digər özəl şirkətlərin rəhbərlərinə universitetin inkişafına verdikləri töhfələrə görə təşəkkür plaketləri təqdim edilib. AzMİU-nun bu cür əməkdaşlıq layihələri tələbələrin müasir standartlara cavab verən infrastrukturla və mühitlə təmin edir. Bu təşəbbüs, həmçinin dövlətin dayanıqlı inkişaf strategiyasına uyğun olaraq təhsil və innovasiyanın birgə inkişafının təmin olunmasına töhfə verir.

Qeyd etmək istərdik ki, AzMİU ilə sözügedən əməkdaşlıq və Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ötən həftə keçirilən tədbirdəki iştirakımız, təhsil, kadrların inkişafı və gənclərə dəstək ilə bağlı silsilə tədbirlərimizin ilk mərhələsidir.